LENT.AZ - Nazir xüsusi təyinatlı hərbi təhsil müəssisələrində oldu - FOTO
Sizin link burada

Nazir xüsusi təyinatlı hərbi təhsil müəssisələrində oldu - FOTO

İyunun 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində iştirak edib.

Adıçəkilən qurumdan Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Hərbçilərlə yanaşı, məzunların valideynləri, yaxınları və çoxsaylı qonaqların da iştirak etdiyi təntənəli mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Nümunəvi hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

General-polkovnik Z.Həsənov çıxış edərək əlamətdar gün və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu bildirən Müdafiə naziri məzunlara ölkəmizin gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub. Məktəbi yüksək nailiyyətlərlə bitirən məzunlar emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimindən sonra məzunların ifasında məktəbin marşı ifa edilib.

Mərasimin sonunda şəxsi heyət təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>