LENT.AZ - Mərhum jurnalistlə bağlı TƏQDİMAT
Sizin link burada

Mərhum jurnalistlə bağlı TƏQDİMAT

“Mən jurnalistəm…”. Bu sözlər görkəmli jurnalist, “Qızıl qələm”, H.Zərdabi yaradıcılıq mükafatları laureatı Elmira Əmrahqızının o qədər də uzun olmayan ömür yolunun leytmotivi kimi səslənir. 1974-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan Teleradio Verilişləri Komitəsində çalışan, “Bakı” və “Baku” qəzetlərində, “Ulduz”, “Azərbaycan qadını” jurnallarında və digər mətbu orqanlarda bir-birindən maraqlı yazılarla çıxış edən mərhum jurnalistin həyatının son illəri “Azadlıq” radiosu ilə bağlı olub. Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərində xalqımızın azadlıq uğrunda apardığı mübarizə, bu yolda üzləşdiyi faciələr, müstəqillik yolunda atdığı addımlar - ölkəmizin ictimai-siyasi həyatının rəngarəng palitrası bütün çalarları ilə Elmira Əmrahqızının radio reportajları vasitəsilə dünyaya yayılırdı.
 
Bu fikirlər noyabrın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin akt zalında istedadlı qələm sahibi Elmira Əmrahqızının “Mən jurnalistəm…” kitabının təqdimat mərasimində səslənib.
 
Mərasimin əvvəlində iştirakçılar mərhum jurnalistin həyatının ayrı-ayrı məqamlarını əks etdirən videoçarxı izlədilər.
 
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova həmkarı Elmira Əmrahqızı ilə 30 ildən artıq davam edən dostluq münasibətlərindən, onun jurnalist kimi yaradıcılıq keyfiyyətlərindən, vətəndaş mövqeyindən və səmimiyyətindən danışaraq dedi: “Elmira xanım gənc nəslə, yeni jurnalist kadrlara örnək ola biləcək ömür yaşayıb, jurnalistika naminə çox böyük fədakarlıqlar edib. O, həm peşəkar jurnalist, həm də səmimi dost idi. Mən adaşımın xarakterinin bir cəhətini də xüsusi qeyd etmək istəyirəm. Elmira çox cəsarətli xanım idi. Biz onun xarakterinin bu cəhətinə qanlı 20 Yanvar günlərində bir daha şahid olduq. Elmira həmin hadisələr haqqında dünyaya car çəkən qələm sahiblərinin birincilərindən idi. Onun xatirəsinə həsr olunmuş “Mən jurnalistəm” kitabı unudulmaz həmkarımızı sevənlərə dəyərli töhfədir”.
 
Elmira Əmrahqızının tələbə yoldaşları Sədaqət Kərimova, İsaq Əmənullayev, həmkarları Vasif Səmədov, Yaşar Quluzadə, iş yoldaşı Aynur Bəşirli çıxış edərək onun müxbir, reportyor və rəhbər kimi məziyyətlərindən danışıb, yazdığı məqalələrin, hazırladığı reportajların bədii-publisistik keyfiyyətlərindən, sosial əhəmiyyətindən və ən nəhayət, narahat vətəndaş mövqeyindən danışdılar, xatirələrini bölüşdülər.
 
“Mən jurnalistəm…” kitabı barədə danışanlar xüsusi qeyd etdilər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra güclü təqib və təzyiqə məruz qaldığı dövrdə ilk dəfə Ulu Öndərdən müsahibə alan Elmira Əmrahqızı olub. Həmin müsahibənin tam mətni “Mən jurnalistəm…” kitabında dərc olunub. Bununla yanaşı, kitabda Elmira Əmrahqızının həmkarlarının, qələm dostlarının, yaxınlarının onun barəsində xatirələri, mərhum jurnalistin ayrı-ayrı vaxtlarda qəzet və jurnallarda dərc olunmuş müsahibə və məqalələri, efirdə səslənən seçilmiş reportajları, eləcə də onunla bağlı xatirələr və ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər yer alıb.
 
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov Elmira Əmrahqızının etibarlı dost, qayğıkeş yol yoldaşı və öz işinin peşəkarı olduğunu vurğuladı, mərhum həmkarı barədə maraqlı xatirələrini bölüşdü.
 
Mərhum jurnalist Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev anasının xatirəsinə həsr olunmuş “Mən jurnalistəm…” kitabının ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə AZƏRTAC-ın rəhbərliyinə və iştirakçılara ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.
 
“Mən jurnalistəm…” kitabının nüsxələri tədbir iştirakçılarına paylanıldı.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>