LENT.AZ - Kurs, kursaq, qurumsaq...
Sizin link burada

Kurs, kursaq, qurumsaq...

 

 

Kurs faciəsindən danışmazdan  əvvəl  başıma gələn bir hadisəni deyim. Xəstəxanaya getmişdik, yoldaşım, oğlum və mən.  Qan təzyiqim qalxmışdı kəllə-çarxa. Axşamdan dabanımın üstəyəm. Düşündüm, bəlkə burda bilələr.  Təzyiqi nə  verir:  böyrək, yoxsa baş? Ürək verir, yoxsa zob? Hansı qapını döydüm, dedilər,  gərək yaşayış yerindən arayış gətirəsən. O, qapıya dəydim, dedilər səni kim göndərib?  Bu qapıya dəydim dedilər,   “hardan gəlmisən?”  O qapı,  bu qapı... Gördüm uçuram. Dilim keyiyir. O həkimə dedim, təzyiq ölçənin var, bu həkimə dedim, təzyiq ölçənin var?  Heç birinin təzyiq ölçəni olmadı. Yoldaşıma dedim,   sumkadan çıxart öz təzyiq ölçənimizi. O həkimə dedim, ölçə bilirsən, bu həkimə dedim, ölçə bilirsən?  Dedilər, biz ölçə bilmərik, icazə yoxdur, icazə vermirlər. Dedim, burda yıxılıb ölsəm, necə? Dedilər, bu başqa məsələ, yıxıl, təcili yardım çağıraq.

 

Əlacsız qalıb yoldaşıma dedim, tez ol,  ölç təzyiqimi.   Dəli oldum, təzyiqim artıq 180/100-dən yuxarı irəliləyir.  O həkimə dedim dərmanın var, bu həkimə dedim dərmanın var?  Heç  birinin dərmanı olmadı. Yoldaşıma dedim, çıxart öz dərmanımızı. Dibazol, papaverin... Yoldaşım çəkdi şprisə, havasını-zadını aldı. O həkimə dedim, vura bilirsən, bu həkimə dedim, vura bilirsən? Heç biri vurmadı, dedilər, ixtiyarımız yoxdur. Axırda boş bir  otaq tapdıq, haqqı  da bir manat. Yoldaşım iynəni vurdu.  Güclə özümə gəldim.

Bu hadisə nağıla  bənzəsə də, həqiqətən mənim başıma gəlib.

 

Doğurdan da, bu gün  xəstəxanalarda  tibbi xidmət  heç də ürəkaçan deyil.   Dediyim  bu   hadisə hər gün yüzlərlə insanın  başına gəlir.  Bəzi dövlət və özəl xəstəxanalarda  insanları qarşılayan  tibb işçiləri var. İmkan vermirlər ki, ağzını açıb bir söz soruşasan. Həkimlər üçün xəstə tapırlar. Məcburi şəkildə  xəstələri istədikləri həkimə yönəldə bilirlər. Özü də xəstə tapmağın  haqqı   bir manatdır, yəni  həkim hər xəstəyə görə tibb işçisinə bir manat verir.  Həkim xəstələri  istədiyi   dərman almaq üçün istədiyi aptekə  yönəldir. Adını da belə qoyur:  Bu dərmanı  heç bir aptekdə tapa bilməzsən, ancaq o aptekdə  var.   Elə ki həkim  istəyinə  nail  oldu,  səhərisi  gün  həmin aptekdən faizini alır.

Apteklərdən çıxan adamların əlindəki  dərman torbaları  az qala  un kisəsinə oxşasın. Elə bil, evlərinə yemək-içmək aparırlar. Hamısı firma dərmanları.  Dərmanların  əgər bir xeyri olursa (o da nadir hallarda, çünki keyfiyyət yoxdur), yüz fəsadı da böyürdən çıxır, ya da böyrəkdən.

 

Başqa bir məsələ. Qəbuluna getdiyin əksər  həkimlərin iş otağına  daxil olanda  elə bil mükafat və sertifikat sərgisinə baxırsan.  İki  aylıq Moskvada kurs, 6 aylıq Türkiyədə kurs. Kurs, kurs...   Baxırsan, hər yan kurs. Hələ bu harasadır? Bir tərəfdə “Məmməd Araz”, “Zeynalabdın Tağıyev”, “Qızıl qələm” mükafatları, bir tərəfdə  “qoltuqda gəzən” qəzetlərin diplomları. Adam lap çaşıb qalır, xəstəliyi yaddan çıxır.

Kurs keçən həkimlər  xəstəxanalarda  at oynadırlar, universitet bitirən  həkimlərin başında diplom əkirlər.  Vaxtı ilə ürək əməliyyatı edən  bir həkim dostum, indi beyin əməliyyatı eləyir. Soruşuram:  bu,  necə olur?  Deyir,  Türkiyədə  iki aylıq kurs keçib gəlmişəm.  Vaxtı ilə tibb bacısı işləyən bir xanım indi  Exo – kardioqrafiya   aparatını işlədir. Deyirəm:  hardan öyrəndin? Deyir, Bakıda iki aylıq kurs  vardı,  oxuyub öyrəndim.  İndi  saysız-hesabsız   tibb işçiləri  iki aylıq kursu bitirməklə   ixtisaslarını dəyişirlər.  6-7 illik  universitet  tibb   təhsilini   iki aylıq kursa qurban verənlər var. Ali təhsilli   əsəb həkimi indi UZİ aparatı  işlədir, daxili orqanlara  telefonla danışa-danışa baxır.  Növbəsi növbə,  hörməti də hörmət. Bir həkim tanışım var,  bütün nəslinə  UZİ də baxmağı öyrədib.  İndi hərəsi də  bir xəstəxanada işləyir,  baş həkimdən hörmətlidir. Həkimlərə hər xəstəyə 3 manat  ödəyirlər ki, xəstələri onların üstünə yazsın, yəni göndərsin. Analiz də  eynən belədir.  İndi həkim tanışım  istəyir ki, Bakıda bir  kurs açsın.

Amma adamın ürəyi açılmır, getdikcə  qursağı daralır, yəni səbrsiz olur. 

 

Rəhmətlik  nənəm deyirdi,  mən birinci ərimdən ona görə ayrıldım ki, hər gün  qaynanam ona kurs keçirdi, yəni öyrədirdi.  Bir sözlə, kurs keçənlər  və   bitirənlər, tezliklə dolların kursunu aşağı salacaqlar.  Ay can...  

LENT

15 Dekabr 2017

Digər xəbərlər >>>