// //
Lent.az | KULIS - Özünü lallığa vurub casusluq edən azərbaycanlı

Özünü lallığa vurub casusluq edən azərbaycanlı

Dedilər, Adil kişi dünyasını dəyişib, onunla bağlı bu əhvalat yadıma düşdü. O lal olan, özünü lallığa vuran Adil kişi. Qəribə əhvalat idi...

 

Bir neçə il əvvəlin söhbətidir. Hövlnak özünü içəri atan qonşumuz “Adil kişi danışdı”, - dedi və ürəyini tutub yerə çökdü. Adil kişinin neçə illər idi ki, dili tutulmuşdu, həkimlər danışmayacağını söyləmişdilər, amma beyin sarsıntısı Adil kişini danışdırmışdı, həm də necə danışdırmışdı.

 

Adil kişi heç kimin başa düşmədiyi dildə danışmışdı. Gözləri də ögey baxırdı. Əvvəl adamlar elə bildilər ki, başına hava gəlib. Hər halda kişi başından ağır xəsarət almışdı. Bir neçə gün komada yatandan sonra ayılmışdı, həm də dili açılmışdı. Amma yad bir dildə danışırdı, yaxınları onun doğmalığının qoxusunu əməlli-başlı duya bilmirdilər.

 

Adil kişinin əvvəllər də qəribəlikləri vardı. Hamıdan uzaq gəzərdi. Camaat deyirdi ki, cavan vaxtı tamam başqa cür imiş: ünsiyyətcil, söhbətcil. Həm də həddindən artıq istiqanlı imiş. Hətta onun hər şeylə maraqlanmağından bezənlər də vardı.

 

Yaşa dolandan sonra bu cür qəribə hala düşmüşdü. Camaat deyirdi ki, cin tutub Adil kişini. Amma ağıllı adam idi, özü belə şeylərə inanmazdı.

 

Mən də Adil kişini görməyi qərara aldım. Xəstəxanadan evə buraxmışdılar. Eşidib-bilən hamı yanına axışırdı. Artıq düyün çözülürdü, o mənada ki, Adil kişinin danışdığı dili anlayanlar tapılmışdı - kişi ərəbcə danışırmış.

 

Süsən arvad and-aman edirdi ki, kişi ərəbcə bir kəlmə də bilmir. Bir az şübhəli məsələyə oxşayırdı. Necə olur ki, əlli illik arvadı ərinin hansı dili danışıb-danışmadığını bilmirdi?

 

Ərəbcə bilənlərdən kişiylə bir az söhbət etməyi xahiş etdilər. Adil kişi elə bil avtomatlaşdırılmışdı, şəhərdəki məscidlər barədə bilgilər verirdi, amma bu bilgilər otuz il əvvəlki bilgilər idi. Otuz il əvvəlki şəhərin dini mənzərəsini təsvir edirdi.

 

Düyün yavaş-yavaş çözülürdü. Adil kişinin gəncliyi ərəb ölkələrindən biriylə bağlıymış.

 

Həyat yoldaşı sovet vaxtında ərinin başqa yerlərə səfər etdiyini bildirdi, amma bu səfərlər SSRİ-dən o tərəfə keçmirdi. Hər halda Adil kişi arvadına belə deyirdi. Amma gətirdiyi hədiyyələr içində Şərq suvenirləri olurdu. Onlardan birini həyat yoldaşı xüsusilə sevmişdi, amma Adil kişi onu gözdən uzaq bir yerdə gizləməyi tapşırmışdı. Süsən arvad başa düşə bilmirdi ki, Adil kişi niyə bu gözəl əşyanın gözünün qabağında olmasını istəmir?

 

Sərhədlər açılandan sonra Şərq suvenirləri də gün işığına çıxmışdı, Adil kişi daha onlara etiraz etmirdi. Amma gözükölgəli gəzib-dolanırdı. Bir neçə dəfə özünü hövlnak içəri atmışdı, elə bil kimsə onu təqib edirdi. Ya da Adil kişiyə elə gəlmişdi.

 

Ernest Heminqueyin qorxularını xatırlayıram. Məşhur yazıçı da FBR-in onu təqib etdiyindən gileylənirdi, amma heç kim onu ciddiyə almırdı, psixoloji pozuntunun nəticəsi hesab edirdilər. Heminqueyi elektroşokla müalicə etdilər, amma yazıçı özünü daha da pis hiss elədi. Sonda ov tüfəngiylə intihar etdi.

 

Heç kimin tanımadığı Adil kişini də belə bir tale təqib edirmiş. Sirlər bir az da açılırdı. Amma oğul-uşaq artıq bu qədər bilginin yayılmasından narahat idi. Ərəbcə bilənlərdən xahiş etdilər ki, kişini rahat buraxsınlar.

 

Amma söz-söhbətlər getdikcə çoxalırdı. Adil kişinin birdən dil açıb ərəbcə danışması, dini məlumatlar verməsi hamını çaşdırmışdı. Bir ürəkli adam lazım idi ki, irəli çıxıb Adil kişinin “sovet vaxtından qalma” ərəb xəfiyyəsi olduğunu desin.

 

Hər şey ortada idi. Gizləməyə bir şey qalmayanda sirlər sanki boxçadan ortalığa töküldü.

 

Adil kişi ərəb ölkələrinin birinin xəfiyyəsi imiş. Ərəb dilini əla bilsə də bunu ustalıqla gizləyirmiş. Hətta ailənin belə bundan xəbəri yoxmuş. Moskva adıyla ərəb ölkələrinə səfər edirmiş. Hansısa yolla bu səfərlər də gizli qalırdı. 80-ci illərin axırlarıymış. Sovet hökumətinin dağılacağına ümidlər vardı, elə Adil kişi də bu ümidlərin badına getmişdi.

 

Adil kişinin xidmətlərinə bir müddətdən sonra - ölkədə hər şey tarazlığa qovuşandan sonra  ehtiyac qalmamışdı. Amma möhkəmcə tapşırılmışdı ki, bu barədə ağzından söz qaçırmasın. Adil kişi təsadüfən dilindən yasaq bir kəlmənin çıxacağından o qədər qorxurdu ki, hamıdan uzaq gəzib-dolaşırdı.

 

Yaş ötdükcə özünə inamı azalır, qorxuları isə çoxalırdı. Onda özünü lallığa vurmuşdu Adil kişi. Belə daha “etibarlı” idi.

 

Amma yıxılıb başından ağır xəsarət alandan sonra hər şey dəyişmişdi. Adil kişi içində gizlədiyi kəlmələri üzə çıxarmışdı. Həm də yaddaş otuz il əvvəlki çağlara ilişib qalmışdı.

 

Adil kişi yavaş-yavaş özünə gəlirdi. Artıq hal-qaziyyədən başa düşürdü ki, vəziyyət nə yerdədir. İllərlə saxladığı sirr ortaya çıxmışdı. Onu suçlayan baxışlara susaraq reaksiya verirdi. Yəqin özü də suçunu anlayırdı. Əslində 30 il bu sirri daşıyaraq böyük qəbahətinin əvəzini ödəmişdi...

 

LENT

17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018